AYRI ÜFÜQLERIN iNSANI


Günümüzün insanı dəyər ölçülərini itirdiyi kimi, onun peyğəmbərlərə və xüsusilə də peyğəmbərlər sultanı Hz. Muhamməd Əleyhissalama qarşı baxışı, rəftarı, düşüncəsi də tamamilə alt-üst olmuş vəziyyətdədir. Halbuki Onu hər hansı bir insan kimi bəşəri meyarlarla qiymətləndirməmiz qətiyyən doğru deyil. Hətta mümkün də deyil. Çünki O, yer üzünü yenidən şəkilləndirmək və bəşəriyyətə yeni üfüqlər açmaq üçün müstəsna bir ruh və müstəsna qabiliyyətlərlə təchiz edilərək göndərilmiş bir insandır və bizim meyarlarımızın Onu tam təqdir etməsi mümkün deyildir.Yəni kim nə danışarsa-danışsın, Onu tam tərif etmiş ola bilməz. Onu ən yaxşı anlayanlardan biri olan Həssən b. Sabitin: "Mən sözlərimlə Muhammədi (sallallahu əleyhi və səlləm) tərifləmədim. Lakin Onunla sözlərimi mədh etdim." 1 dediyi kimi, bütün gözəl sözlərə gözəllik qazandıran o sözlər içindəki Onun yadi-cəmilidir (gözəl adıdır). Yoxsa bizim ifadələrimizin Ona qazandıracağı heç bir şey yoxdur. Kiçik fərqlərlə eyni sözü Əbu Təmmam da istifadə etmişdir. Əsrin böyük mütəfəkkiri də Quran üçün eyni sözləri söyləyir: "Quranın ecazkar həqiqətlərini mən gözəlləşdirə bilmədim, gözəl göstərə bilmədim, bəlkə Quranın gözəl həqiqətləri mənim təbirlərimi də gözəlləşdirdi, ülviləşdirdi." (Bədiüzzaman, Məktubat, 28. Məktub, 7. Məsələ, 4-cü Səbəb)

Bütün bunlar bir ölçüdə eyni duyğu və eyni düşüncəni paylaşmanın nəticəsidir. Hamısı da ilhamlarını eyni qaynaqdan almış və eyni şeyləri ayrı ibarələrlə söyləmiş kəslərdir, bəzisinin qısa söylədiyini digəri geniş açıqlamış, bəzisi daha şairanə demiş, amma həmişə eyni mehvər ətrafında dönə-dönə durmuşdur. Eyni şəkildə bizlər də hər yönüylə təhdisi-nemət (nemətləri zikr etmək) olan, Ona ümmət olmanın imtiyazını yaşayır və coşğunluğumuzu hayqırırıq: Rəbbimizə nə qədər həmd və şükr etsək, azdır. Çünki O (c.c.) bizə ən böyük neməti bəxş etmiş və Hz. Muhamməd Mustafaya (sallallahu əleyhi və səlləm) ümmət etmişdir. Bu bir fəzli-ilahidir. O, fəzlini istədiyinə və istədiyi ölçüdə verir. Ancaq bizə verdiyi heç bir ölçü və tərəziyə gəlməyəcək qədər əngindir. Bəli, başqalarına görə bizə bəxş edilən sahili olmayan bir ehsan dənizidir.

Ancaq məsələnin bir də digər yönü var ki, soruşmadan dayana bilməyəcəyəm: Görəsən, O Sultana layiq bir könül taxtına sahibikmi? Sultan könül taxtımızda əyləşibmi? Könüllərimiz hər an Ona açıqdırmı? Oturarkən, qalxarkən, yeyərkən, içərkən və bütün hərəkətlərimizdə Hz. Muhamməd Əleyhissalamın mülahizəsi qəlb və ağlımıza hakimdirmi? Və həyatımız tamamilə Onun yolundadırmı?

Əgər cavabımız müsbət isə, deməli, o zaman quşu gözündən vurmuşuq demək. Artıq yuxu və xülyalarımızı həmişə Onun gözəl üzlü nur camalı bəzəyirsə, demək bizlər Muhammədi bir camaat halına gəlmişik. Onun əxlaqıyla əxlaqlanan, həyatının hər mərhələsini Muhammədi ədəb ilə bəzəyən bir camaat isə yer üzünün tarazlıq ünsürüdür. Qənaətim odur ki, hələ bu tarazlığı tapa bilməməyimizin bir tək səbəbi vardır, o da Muhammədi ruhda lazım olan səviyyəyə çata bilməməyimizdir.

O, Allahın xüsusi olaraq yaratdığı fərqli bir insandır. Bir insan olaraq aramıza qatılması bizlər üçün ən böyük bəxtiyarlıqdır. Çünki Cənnətlər belə, Onun təşrifiylə şərəf qazanmışdır və şərəf qazanacaq. Beləliklə, insanımıza Onu həm də öz qamətinə uyğun izah edə bilmək bizim üçün ən böyük vəzifədir. Çünki bəşər O Sultanı anladığı və Ona tabe olduğu vaxt həqiqi insanlığa qovuşacaq. Mən də buna niyyətləndim. Ancaq bu meydanın əri, bu xütbənin xətibi olmadığımı da başdan etiraf etdim. Burası da var ki, Onun başa düşülməsinə çalışmağım tək arzumdur və elə bütün hünərim də bu mövzudakı səmimiyyətimdir.

Uzun müddət özümü qapısında bir "kıtmir" olaraq düşünmüş, elə təsəlli tapmışdım. Lakin gün keçdikcə ümidimi də qismən itirdim. Sonra özümə belə dedim: Kaş ki, bir insan olaraq yaradılmaq yerinə, Onun mübarək bədəninin bir yerində bir tük olaraq yaradılsaydım. Bəli, Cənabi-Haqqın belə xüsusi lütflərinə məzhər bir insana bu qədər yaxın ola bilsəydim... Həmişə belə düşündüm. Ancaq belə bir şərəfə də ləyaqətim olmadığını Onu tanıdıqca daha yaxşı anladım. İndi bütün arzum və istəyim yalnız Onun ümməti içində ola bilməkdən ibarətdir. Çünki ümidim odur ki, Cənabi-Haqq belə bir camaat arasında olanı Onun şəfaətindən məhrum etməyəcək və "Onlar elə bir topluluqdur ki, onlarla birlikdə olan əsla məhrum qalmaz" 2 deyəcək və məni də o halqaya daxil edəcək.

Bəli, buna baxmayaraq, O Müəlla Zatı tanıtmağa niyyətləndim. Bütün səyim nəslimin könlünə Ona aid sevgi atəşini alovlandıracaq bir qığılcım ata bilməkdir. Nə deyim? Mən də həccə niyyətlənən qarışqa kimi deyirəm. Onsuz da bütün ümidim o yolda ölməkdir.

O, tamam ayrı üfüqlərin insanıdır. Bizim üzərimizə düşən vəzifə hər işimizi Onun hal, hərəkət və davranışlarına görə tənzimləmək üçün səy göstərməkdir. Bu, təmin edildikdə, arada açıq və şifrəli danışmalar başlayar. Əmri şəxsən Rəsulullah verər. İdarəni O ələ alar. Onun idarə edəcəyi bir camaat və cəmiyyətin keyfiyyəti isə mələkləri qibtə etməyə sövq edəcək dərəcədə ülvi, dərin və hər cür izah və təsvirin fövqündədir.

Bəlkə, bəzilərinə bu dediklərimiz obyektiv gəlməyə bilər. Amma nə qəm, hər gün üç-beş nurəfşan çöhrəli gənc mənən Rəsulullahdan bir qism müjdələr aldıqdan sonra... Və yenə bəziləri pərdəsiz, hicabsız, birbaşa həm də şəhadət aləmində Onunla münasibətə keçdiyini söylədikdən sonra.

O, ruhaniyyəti və bəzilərinə görə də nuraniləşən cismaniyyətiylə daim aramızdadır. İmam Suyuti yetmiş dəfədən çox şəxsən Allah Rəsuluyla açıqdan görüşdüyünü söyləyir. 3 Bəli, O, bizim anladığımız mənada ölməmiş, yalnız ölçü (buud) dəyişdirmişdir. Onun ölümünü hər hansı bir insanın ölməsi kimi anlamaq səhv olar. Çünki Quran peyğəmbərlik məqamının iki dərəcə daha aşağısında olan şəhidlik mərtəbəsinə çatanlara belə, ölü deyilməməsini söyləyir. 4 Elə isə bizim anladığımız mənada Ona "Öldü" demək necə mümkün ola bilər? Bəli, Onun, yalnız ayrı bir ölçüyə keçdiyini söyləyə bilərik. Onun üçün də baxışı o ölçülərə çata bilən insanlar Onu orada şəxsən görüb müşahidə edə bilməkdədirlər.

Bədən və cismaniyyətin zindanından xilas olub, qəlb və ruhun həyat dərəcəsinə çatanlar keçmiş və gələcəyi eyni anda yaşaya bilərlər. Bax o ölçünün (buudun) insanları, bu anda həm sizinlə yan-yana oturur, həm də Əsri-Səadətdə Allah Rəsuluyla diz-dizə olarlar. Əhlullahdan "ebdal" (dünya ilə hər cür əlaqəsini kəsib Allaha bağlanan uca zatlar) deyilən kəslər eyni anda bir çox yerdə ola bilirlər. Bəs Peyğəmbərlər Sultanı nə üçün həm axirətdə, həm dünyada, həm bizim önümüzdə, həm də mələklərin və nəbilərin qarşısında olmasın? Var, var və olacaq da.

Bütün bu deyilənləri bundan belə söyləyəcəklərimə bir təməl etmək niyyətindəyəm. Peyğəmbərlərə və Peyğəmbərimizə baxarkən baxış bucağı və niyyət çox əhəmiyyətlidir. Ənbiyayi-izam (böyük peyğəmbərlər) bir tərəfə, övliya, asfiya, əbrar və muqarrabinin sezilib başa düşülməsi belə, xüsusi bir ruh paklığı və könül aydınlığı istəsə, peyğəmbərlər necə cismaniyyətin sisli-dumanlı iqlimində idrak edilib aydın ola bilər ki?

Elə isə onları anlamağa çalışarkən bütün lətaifimizlə (lətif duyğularımızla) yanaşıb edib diqqətli olmamız zəruridir. Hələ baxıb görmək istədiyiniz Hz. Muhamməd Əleyhissalamın şəxsiyyəti isə bu diqqət bir neçə dəfə daha artırmalıdır. Bununla belə yenə də hər kəs öz qəlb gözünün baxış gücünə görə bəzi şeyləri görüb sezə bilər və Onu tamamilə heç kim tam mənasıyla qavraya bilməyəcək. Bəli:

Ömürlərini yuxularla təsəlli olmaqla keçirən yuxudakı insanlar
Onun həqiqətini necə idrak edə bilərlər ki?
(Busiri)

1 Ziyaəddin əl-Məvsili, əl-Məsəlüs-sair, 2/357; Kalkaşandi, Subhul-Aşa, 2/321.
2 Müslim, zikr 25; Tirmizi, daavat 129.
3 Nəbxani, əl-Fəthul-kəbir, 1/7; Məscidi kəramatil-övliya, 2/158.
4 "Allah yolunda öldürülənlər haqqında «ölü» deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunun fərqində deyilsiniz." (Bəqərə surəsi, 2/154). "Allah yolunda öldürülənləri əsla ölü zənn etmə! Əksinə onlar həyatdadırlar və Rəbbilərinin qatında yaşayarlar, ruzilənirlər." (Ali-İmran surəsi, 3/169)
To Top